Dünya Şəxsi Məlumat Ensiklopediyası

Nəriman Nərimanov

Nəriman Nərimanov

Soyadı
Nərimanov
Adı
Nəriman
Ata adı
Kərbəlayi Nəcəf
Anasının adı
Həlimə
Doğum tarixi
14 aprel 1870
Ölüm tarixi
19 mart 1925
Doğum yeri
Tiflis şəhəri, Tiflis quberniyası, Rusiya imperiyası
Milliyəti
türk
Vətəndaşlığı
SSRİ
Təbbəliyi
Azərbaycan Demokratik CümhuriyyətiRusiya imperiyasıZSFSR
İnancı
İslam
Peşəsi
Prezident

 SSRİ və Azərbaycan SSR-in görəkəmli dövlət və siyasi xadimi, yazıçı, publisist, dramaturq və həkim, 1920-1921-ci illərdə Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı, 1920-ci ildə Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsinin Sədri, 1920-1922-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sədri, 1922-Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası İttifaq Sovetinin Sədri, 1922-1925-ci illərdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Həmsədri, Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 14 aprel 1870-ci ildə Rusiya İmperiyası, Tuflis Quberniyasının Tiflis şəhərində dünyaya gəlmişdir.

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov  Kərbəlayi Nəcəf və Həlimə zamanovanın ailəsində doğulmuşdur. Böyük qardaşı Salman Nərimanov xatirə dəftərində yazır ki, ulu babamız Nəriman XVII əsrdə Kaxetiya valisi I İraklinin sarayında "sabitqədəm" Eşik Ağası (Daxili İşlər Naziri) olmuşdur. N. Nərimanovun atası Kərbəlayi Nəcəf Tiflisdə, xırda ticarətlə məşğul idi. Kərbəlayi Nəcəfin atası Allahverdi bəy XIX əsrdə Zaqafqaziyada tanınmış musiqi xadimlərindən idi. Kərbəlayi Nəcəf Tiflisli Hacı Məhəmməd Qasım Zamanovun qızı Həlimə xanımla evlənmiş, onların 9 övladı olmuşdur: Salman, Mərziyə, Rza, Rizvan, Fatma, Səkinə, Rizvan (ölən uşağın adı verilib), Nəriman, Zöhrəbanu.

Nəriman Nərimanovun böyük qardaşı, Salman Nərimanov Nəriman Nərimanovun böyük qardaşıdır. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. O, "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmişdir. Məqalələrini "Qoca Salman" imzası ilə yazmışdır. Hal-hazırda "Səyahətnamə" əsəri AMEA-nın M. Füzuli adına Əlyazamalar İnstitunda saxlanılır. "Həyat" qəzetinin 1906-cı il nömrələrində dərc edilmiş məqalələri: "Nəmrudlar və Şəddatlar", "Hami-niku", "Ağacı içindən qurd yeyər", "Filankəsə məktub", "Qissədən hissə", "Danışmalı ya danışmamalı", "Açıq məktub", "Hüriyyətdən haqq ilə istifadə lazımdır". 1907-ci ildə Bakıda vəfat etmişdir.

Nəriman Nərimanovun xanımı, Gülsüm Nərimanova (Əliyeva) 1898-ci ildə Bakı şəhərində, Şamaxılı tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. 1915-ci ildə o, Nəriman Nərimanovla ailə həyatı qurur. 1931–1935-ci illərdə isə o, Moskva Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının bağçılıq-meyvəçilik fakültəsində və Qaragül Qoyunçuluğu İnstitutunda təhsil almışdır. Qərbi Sibirdəki iş təcrübəsi əsasında Gülsüm xanım "Çox mühüm yem bazası", "Silos kampaniyasında kəskin dönüşə nail olmalı", "Silos üçün qüllələr və xəndəklər uğrunda", "Kollektivləşmə qadını azadlığa çıxarır" adlı kitabçalar yazmışdır. Həmçinin o, "Təsadüfi kampaniya" məqaləsini, "Uşaqlar üçün nağıl və hekayələr", "Bakinski raboçi" qəzeti üçün məqalə və "Mənim xatirələrim "i yazıb çap etdirir. Fəal hamilik fəaliyyətinə görə Gülsüm xanım Nərimanova Moskva Hərbi Dairəsinin, Moskva Şəhər Səhiyyə Şöbəsinin, Hərbi Xəstəxana komandanlığının fərmanları ilə təltif edilmiş, SSRİ Ali Soveti Rəyasət heyərinin fərmanı ilə "Almaniya üzərində qələbəyə görə medalı"na layiq görülmüşdür. O, Moskva şəhər Qırmızı Xaç Komitəsinin Hamilik Komissiyasının üzvü idi, "SSRİ-nin sanitar mühafizəsi əlaçısı" döş nişanı ilə mükafatlandırılmışdır. Gülsüm xanım Nərimanova 1953-cü ildə, Moskvada vəfat etmiş, Moskvadakı Vaqankovskoye qəbiristanlığında dəfn edilmişdir.

Nəriman Nərimanovun oğlu, Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə RSFSR-in Moskva şəhərində anadan olmuşdur. 1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. 1938-ci ildə doqquzillik məktəbi müvəffəqiyyətlə bitirən Nəcəf Nərimanov sonradan Puşkin adına Tankçılıq məktəbi adını alan Leninqrad Hərbi Texniki-tank Məktəbinə daxil olur. Nəcəf Nərimanov 1940-cı ildə Kiyev Hərbi Məktəbini bitirir. Nəcəf Nərimanov, Stalinqrad və Cənub cəbhələrində döyüşmüş, 2-ci qvardiya mexanikiləşdirilmiş korpusun 58-ci əlahiddə qvardiya təmir-bərpa taborunun tank təmir bölüyünun tağım komandiri olmuşdur. "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunur. 1943-cü il sentyabr ayının 10-da Ukrayna SSR, Donetsk vilayəti Volnovaxa şəhərinin və şəhər dəmiryol qovşağının düşmənlərdən azad edilməsi əməliyyatı zamanı 24 yaşlı Nərimanov qəhrəmancasına həlak olur. Volnovaxada qardaşlıq qəbirstanlığında dəfn edilib.

Nəriman Nərimanov 1890-cı ildə Zaqafqaziya Qori Müəllimlər Seminariyasını, 1908-ci ildə İmperator Novorosiysk (Odessa) Universitetinin Tibb fakültəsini bitirmişdir.

1890-cı ildə Qori Müəllimlər Seminariyada təhsilini bitirən N.Nərimanov Tiflis quberniyası Borçalı qəzası Qızılhacal kəndində müəllim kimi əmək fəaliyyətinə başlayır. Burada o, «Nadanlıq» dramını yazır və N.V.Qoqolun məşhur «Müfəttiş» əsərini Azərbaycan dilinə tərcümə edir. Borçalı qəzasının Qızılhacılı kəndində bir il müəllimlik edən N.Nərimanov, tezliklə Bakı Progimnaziyasına təyinat alır və Bakıda pedaqoji fəaliyyətini davam etdirir.
.
N.Nərimanov 1896-cı ildə özünün «Bahadır və Sona» adlı məşhur romanını, 1899-cu ildə isə «Nadir şah» tarixi dramını yazıb sona çatdırır.
Bu dövrdə N.Nərimanov öz ədəbi işini geniş maarifçilik fəaliyyətilə birlikdə aparırdı. O, hələ 1894-cü ildə Bakıda hamının üzünə açıq olan, birinci Azərbaycan kütləvi kitabxana-qiraətxanasını təşkil etmiş və bu kitabxana tezliklə mədəni mərkəzə çevrilmişdi. 

N.Nərimanov 1899-cu ildə Azərbaycan dilində qəzet nəşr etmək üçün ilk təşəbbüsə başlayır. Bu barədə Qafqaz Senzura Komitəsi ilə N.Nərimanov
arasında gedən maraqlı yazışma məlumdur. Belə ki, 1899-cu ilin noyabrında bu haqda xüsusi İş qovluğu düzəldilmişdi. Orada deyilirdi: «İmperator III Aleksandr adına Bakı kişi gimnaziyasının sinif rəhbərləri müavini Nəriman Nərimanov, nəşriyyat üzrə Baş idarəyə müraciət edərək xahiş etmişdir ki, ona Bakı senzurasının qabaqcadan razılığı ilə və onun, xahiş edənin redaksiyası altında tatar dilində, rus dilində yanaşı tərcüməsilə, burada üzü verilmiş məramnamə əsasında «Təzə xəbərlər» («Новые вести») adlı qəzeti nəşr etməyə icazə verilsin. 

Qafqaz Canişinliyi Dəftərxanası ehtiramla Senzura Komitəsindən təvəqqə edir ki, haqqında yazdığımız xahiş barədə öz qətnaməsini göndərməklə, işə edilmiş əlavələri geri qaytarsın»2.Bu qovluğa N.Nərimanovun təklif etdiyi qəzetin məramnaməsi əlavə olunmuşdu. Nərimanov «Təzə xəbərlər» adlı qəzetdə aşağıdakı bölmələrin olmasını irəli sürürdü:
1) Hökumət əmrləri və sərəncamları, 2) ümumi səciyyəli baş məqalələr, 3) Rusiya teleqraf agentliyinin və xüsusi müxbirlərin teleqramları, 4) şəhər və Qafqaz xronikası, 5) rus həyatı, 6) müsəlman həyatı, 7) son poçta, 8) əmtəə (mal) bazarı, 9) elanlar, 10) felyeton, rus yazıçılarından tərcümələr, elmi və pedaqoji mövzular.
Qəzetin həftədə bir dəfə çıxması nəzərdə tutulurdu.Bir qədər keçdikdən sonra N.Nərimanov «Məktəb» («Школа») adlı jurnalı nəşr etmək üçün icazə haqqında məsələ qaldırır. Bu haqda Qafqaziya Mülki işlər üzrə Baş rəisi Dəftərxanası 1901-ci il iyun ayının 30-da Qafqaz Senzura Komitəsinə yazırdı. «İmperator III Aleksandr adına Bakı kişi gimnaziyasının sinif rəhbərləri müavini Nəriman Nərimanov nəşriyyat üzrə Baş idarəyə müraciət edərək xahiş etmişdir ki, ona Bakıda, senzuranın qabaqcadan icazəsi ilə burada surəti verilmiş məramnamə əsasında özünün redaksiyası altında tatar dilində «Məktəb» («Школа») adlı aylıq elmi-pedaqoji jurnalı nəşr etməyə icazə verilsin».
N.Nərimanovun nəşr etmək istədiyi jurnalın məramnaməsində xalq məktəbləri haqqında hökumət sərəncamları, pedaqoji səciyyəli baş məqalələr, rus məktəbi, şəhər və kənd məktəbləri haqqında məktublar, elmi məlumatlar, rus pedaqoqlarının tərcümeyi-halı, rus pedaqoji jurnallarının xülasəsi və s. materialların dərc olunması nəzərdə tutulurdu. Çar idarələri N.Nərimanovun bütün bu xahişlərini rədd etdilər; qəzet və jurnalın nəşrinə icazə verilmədi. Hələ bu illərdə N.Nərimanov ədəbiyyat və incəsənət sahəsində də yorulmadan çalışırdı. O, N.V.Qoqolun «Müfəttiş» əsərini nəinki Azərbaycan dilinə tərcümə etmiş, hətta 1896-cı ildə bu əsərin ilk dəfə tamaşaya qoyulmasında iştirak etmişdi. N.Nərimanov özü böyük bir ustalıqla bələdiyyə rəisinin rolunu oynamışdı. 
N.Nərimanov və onun rəhbərlik etdiyi teatr truppası Bakıda tamaşa göstərməklə bərabər, Azərbaycan qəzalarına da gedirdi. Bu səfərlər zamanı N.Nərimanov tamaşalar təşkil etməklə yanaşı, məruzələrlə çıxış edir, xalqın gözünü açmağa, onu mədəniyyətə alışdırmağa çalışırdı. O, teatr incəsənətini təbliğ edir və hər bir teatr tamaşasını tərbiyənin ən mühüm vasitəsi kimi qiymətləndirirdi. 
N.Nərimanov 1902-ci ildə tibbi təhsil almaq məqsədilə Odessaya gedir və böyük çətinliklə Odessa universitetinin tibb fakültəsinə daxil olur. Elə məhz Odessada o, birinci rus inqilabı ərəfəsində praktiki olaraq inqilabi fəaliyyətə başlayır. N.Nərimanov əvvəllər tələbələr, bir az sonra isə Odessa limanı fəhlələri arasında inqilabi iş aparır. N.Nərimanov inqilabi mübarizədə iştirak etməkdə təqsirləndirib çar xəfiyyəçiləri onu həbsə alır.  

1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirmişdir.
1909-cu ilin martında həbsə alınan N.Nərimanov 7 ay Tiflisdə Metex qalasında saxlanıldı. Sonra isə ona qarşı yalançı mühakimə düzəldilərək 2 il müddətinə Qafqazdan xaricə – Həştərxana sürgün edildi. N.Nərimanov Həştərxanda 5 il sürgündə olduğu müddətdə də səmərəli işlər görür, bütün gücünü ictimai, elmi, jurnalist və inqilabi fəaliyyətə sərf edir. N.Nərimanov sürgün müddəti bitdikdən sonra 1913-cü ildə Bakıya qayıdır və Qara şəhər xəstəxanasında həkimlik etməyə başlayır.

N.Nərimanov Bakıda və Azərbaycanda baş verən bir sıra siyasi proseslərdə şəxsən iştirak edir. Onun «Pir» adlı povesti məhz bu dövrün məhsuludur. Bu əsərdə o, dinin və ruhanilərin əleyhinə çıxır. «Pir» əsəri din əleyhinə yazılmış ədəbiyyatın nümunələrindən biridir.
1917-ci ilin fevral burjua inqilabı və ondan sonra Oktyabr Sosialist İnqilabı dövründə N.Nərimanov «Hümmət» qrupunda təşkilat-siyasi fəaliyyəti daha da genişləndirir, bu təşkilatın işinin nizama salınmasında yaxından iştirak edir.  1917-ci ildə N. Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin Sədri və Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyası Bakı Komitəsinin üzvü və "Hümmət" qəzetinin baş redaktoru idi.
N.Nərimanov 1918-ci ildə yaradılmış Bakı Xalq Komissarları Sovetinin üzvü olmaqla, şəhər təsərrüfatı komissarı vəzifəsində çalışırdı. O, həm də «Hümmət» qəzetini redaktə edirdi.
1919-cu ilin ikinci yarısında N.Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsi müdiri  vəzifəsində çalışır, sonra isə RSFSR Xalq Komissarının millətlər üzrə müavini təyin olunur. 
1920-ci ildə Şimali Qafqaz İnqilabi Komitəsinin üzvü, N.Nərimanov 28 aprel 1920-ci il tarixdə Azərbaycan SSR İnqilab Komitəsinin Sədri vəzifəsinə təyin olunur və faktiki olaraq Azərbaycan SSR-in dövlət başçısına statusunu əldə edir. 30 aprel 1918-ci tarixdə isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sədri seçilir, Azərbaycan SSR Xaq Xarici İşlər Kommisarı vəzifəsini tutur.

Nəriman Nərimanov Şərq xalqlarının 1920-ci ilin sentyabrında Bakıda çağrılmış qurultayının təşəbbüsçüsü və rəhbəri olmuşdur. 
N.Nərimanov dövlət və hökümət işləriylə bərabər, ədəbi və mədəni işlər üçün də vaxt tapırdı. Azərbaycan dili üçün münasib olmayan əlifbanı yeni latın sistemli əlifba ilə əvəz etmək zəruriyyətini N.Nərimanov, 1922-ci ilin əvvəllərində təşkil etdiyi müəllimlərin diskusiya  yığıncaqlarında şəxsən özü irəli sürmüşdü.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sədri N.Nərimanov Sovet nümayəndə heyətinin tərkibində Genuya beynəlxalq konfransında iştirak etmişdi.Beynəlxalq iqtisadi və maliyyə məsələlərinə həsr edilmiş bu beynəlxalq konfrans İtaliyanın Genuya şəhərində çağrılmış və 1922-ci il aprelin 10-dan mayın 19-a qədər davam etmişdi. Bu konfransda bir sıra kapitalist ölkələrinin, o cümlədən İngiltərə, Fransa, Yaponiya, İtaliya və Belçikanın nümayəndələri iştirak edirdi. ABŞ konfransda iştirak etmirdisə də, lakin oraya öz «müşahidəçisini» göndərmişdi. Konfransda Bakı nefti məsələsi xüsusi yer tuturdu. ABŞ hökumətilə sıx surətdə əlaqədar olan «Standart Oil» adlı Amerika neft şirkəti ilə ingilis-holland «Royal Detç Şell» şirkəti arasında gedən rəqabət konfransın gedişinə müəyyən təsir göstərirdi. 

N.Nərimanov 1922-ci ildə Genuya konfransından qayıtdıqda, Zaqfederasiyanın təşkili ilə əlaqədar olaraq Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası 
N.Nərimanov 1922-ci ilin sonunda Sovet Sosialist Respublikaları İttifaqının yaradılmasında fəal surətdə iştirak etmişdi. SSRİ yarandıqdan sonra isə SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Həmsədri seçilmişdi.
SSRİ MİK-nin 1922-ci ildəki sessiyasında ilk SSRİ hökuməti təşkil edildiyi zaman V.İ.Lenini SSRİ Xalq Komissarları Sovetinin Sədri seçmək təklifini N.Nərimanov irəli sürmüşdür. N.Nərimanov Sovet İttifaqı Kommunist partiyasının XII qurultayında partiyanın MK-nə namizəd  seçilmişdi.
SSRİ MİK-nin Həmsədri N.Nərimanov Moskvada yaşadığı illərdə «Pravda», «İzvestiya», «Raboçi» və s. qəzetlərdə əməkdaşlıq edərək, çoxsaylı siyasi məqalələr yazmış və dərc etdirmişdi. N.Nərimanov dövlət xadimi fəaliyyəti ilə bərabər, bir yazıçı və dramaturq kimi də böyük yaradıcılıq işləri görürdü.
1923-cü ildə N.Nərimanov «Lenin və Şərq», «Elmi kommunizm yolları»,«Milli məsələ» və s. əsərləri yazır. Bu əsərlərində o, yeni sosialist sisteminin yaradılması məsələlərinə dair Leninin ideyalarını təbliğ və təşviq edirdi.

N.Nərimanov ədəbi-ictimai fəaliyyəti müddətində 20-dən çox bədii və elmi əsər və məqalələr yazmışdır. Bunlardan «Nadanlıq», «Dil bəlası» (dram əsəri),
«Nadir şah» (tarixi drama), «Bahadır və Sona» (roman), «Pir» (povest), «Teatr barədə bir neçə söz», «Vəba» (risalə), «Aləmi Nisvan» (Qadın və onun
nəsillərə olan təsiri), «Traxoma» (elmi risalə), «Türk qrammatikası», «Ruslar üçün Azərbaycan dili dərsliyi», «Azərbaycanlılar üçün rus dili dərsliyi», «Biz Qafqaza hansı şüarlarla gedirik», «Azərbaycan kəndlilərinə bir neçə söz»,
«Elmi kommunizmi dərketmə yolları», «Milli məsələ», «Dayı» (hekayə) və s. göstərmək olar. O, N.V.Qoqolun «Müfəttiş» və Q.Genin «Edam» əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.

N.Nərimanov 1925-ci il martın 19-da axşam saat 8:30 dəqiqədə Moskvada ürək partlamasından vəfat etdi.
N.Nərimanovun vəfatı böyük və dərin kədərlə qarşılanmış, SSRİ MİK-si Rəyasət Heyətinin qərarı ilə, Moskva şəhəri və Sovet İttifaqının bütün hökumət idarələrində iş dayandırılmışdı.N.Nərimanovun vəfatı ilə əlaqədar olaraq, SSRİ Xalq Xarici İşlər Komissarlığının Kollegiyası, SSRİ daxilində və SSRİ-nin xaricindəki diplomatik missiyalarında iki həftəlik matəm elan etmişdi. N.Nərimanovun dəfn mərasimi haqqında SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 20 mart 1925-ci il tarixli xüsusi qərarı qəbul edilmiş və burada SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Həmsədri N.Nərimanovun dəfn mərasimini təşkil etmək üçün xüsusi dövlət komissiyası yardılmışdır.
N.Nərimanovun vəfatı günü SSRİ-də ümumi matəm günü elan olunmuş və həmin gün bütün teatrlar, konsertlər, kinolar və başqa şənlik tamaşaları ləğv edilmişdi.
N.Nərimanovu Moskvada Qızıl meydanda, Kreml divarları yanında dəfn etmək qərara alınmışdı.
N.Nərimanovun dəfn mərasimi zamanı Sovet İttifaqının hər yerində SSRİ hökumət idarələri, Müttəfiq respublikalar hökuməti və həmçinin SSRİ-nin xarici ölkələrdə olan səlahiyyətli nümayəndəliyi və ticarət nümayəndəliyi binalarında, hərbi və ticarət donanmaları gəmiləri üzərində qaldırılmış dövlət bayaraqlarıaşağı endirilmişdi.

SSRİ MİK Sədri N.Nərimanovun dəfni günündə SSRİ Hərbi İnqilabi Şurasının əmrinə əsasən Moskva vaxtilə saat 13-də Fəhlə Kəndli Qızıl Ordusunun bütun qarnizonlarında yaylım atəşi açılmışdır.