Dünya Şəxsi Məlumat Ensiklopediyası

Nizami Gəncəvi

Nizami Gəncəvi

Soyadı
İbn Yusif ibn Həsən Müəyyəd
Adı
Əbu Məhəmməd İlyas
Ata adı
Yusif ibn Həsən
Anasının adı
Rəisə
Doğum tarixi
1141
Ölüm tarixi
12 mart 1209
Doğum yeri
Gəncə şəhəri, Azərbaycan Atabəyləri Dövləti
Milliyəti
türk
Təbbəliyi
Azərbaycan Atabəyləri Dövləti
Peşəsi
Şair

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1141-ci ildə Azərbaycan Atabəylər Dövlətinin Gəncə şəhərində ziyalı və zadəgan ailəsində dünyaya göz açmışdır. 

Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra dayısı Xacə Ömərin yanında qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb, kimya, fizika, həndəsə elmlərini mükəmməl öyrənmişdir. Görkəmli mütəfəkkir Şeyx Nizami doğma Azərbaycan dilindən başqa pəhləvi, fars, ərəb və yunan dillərini mükəmməl şəkildə bilmişdir.

Nizami Gəncəvi ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır.
1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Lakin Nizami dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") "Xəmsə" (Beşlik) müəllifi kimi daxil olmuşdur.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında Vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1209-cu il mart ayının 12-də doğma şəhəri Gəncədə dünyasını dəyişmiş və orada dəfn olunmuşdur.